MƏDƏNİYYƏT
Gənc pianoçumuzun növbəti uğuru
Bakı, 28 aprel, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə “Ciudad de Leganes” adlı pianoçuların beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin IX sinif şagirdi Jalə İslamova ikinci yerə layiq görülərək laureat adını qazanıb.
Musiqi məktəbindən AZƏRTAC-a bildirilib ki, Jalə İslamova 12 ölkəni təmsil edən pianoçular arasında üçüncü yaş qrupunda çıxış edib. O, birinci turda L.V.Bethoven və F.Listin, ikinci turda isə F.List, İ.S.Bax və A.Bəbirovun əsərlərini ifa edib.
İştirakçılar İspaniya, Rusiya, Almaniya, İsrail və Kubadan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, bundan əvvəl də Jalə İslamova Litvanın Kaunas şəhərində keçirilən beynəlxalq müsabiqədə birinci yeri (2016), İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII beynəlxalq müsabiqəsində ikinci yeri (2017), Yunanıstanda keçirilən beynəlxalq müsabiqədə (2016) isə laureat adını qazanıb. Onun məsləhətçi müəllimi N.Tabasaranskayadır.