MƏDƏNİYYƏT
Gənc qiraətçilərin “Canlı klassika - 2015” beynəlxalq bədii qiraət müsabiqəsi keçiriləcək
Bakı, 1 fevral, AZƏRTAC
Moskva şəhərində gənc qiraətçilərin “Canlı klassika - 2015” beynəlxalq bədii qiraət müsabiqəsi keçiriləcək. Beynəlxalq müsabiqənin Bakı şəhəri üzrə yerli seçim mərhələsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) oxucuları da iştirak edəcəklər.
İdarədən AZƏRTAC-a bildiriblər ki, müsabiqə fevral-iyun aylarında baş tutacaq.
Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği, uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi, mütaliə-bilik dairəsinin genişləndirilməsi, ailə qiraət ənənəsinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə müasir rus dünya ədəbiyyatına marağın artırılması, eyni zamanda rus dili və rus mədəniyyətinin təbliğidir.
Seçim və final mərhələsindən ibarət müsabiqədə orta məktəblərin rus şöbəsində təhsil alan 6-cı sinif şagirdləri iştirak edə bilərlər. Hər bir kitabxana və onun filialları yerləşdiyi ərazi üzrə 3 gün ərzində müsabiqənin birinci turunu keçirir və iştirakçılar arasında seçilən bir nəfəri 2-ci turda iştirakı üçün MKS-ə təqdim edir. MKS-lər arasında müsabiqənin 2-ci turu 2 gün ərzində keçirilir və bu mərhələdə 3 iştirakçı müsabiqənin final mərhələsində çıxış etmək üçün seçilir. İştirakçıların çıxışları 10 ballıq qiymət sistemi ilə dəyərləndiriləcək.
Yerli seçim mərhələsində qalib gəlmiş 3 oxucu müsabiqənin finalında iştirak etmək hüququ qazanacaq. Müsabiqənin final mərhələsi Moskva şəhərində baş tutacaq. Final mərhələsində iştirak edən hər bir iştirakçıya şəhadətnamə təqdim olunacaq. Daha çox bal toplamış 3 iştirakçı beynəlxalq finalın qalibi hesab olunacaq. Onlar müsabiqənin medalları, qiymətli hədiyyələr və turist səyahətləri ilə mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqənin yerli seçim mərhələsinə artıq start verilib.
Bakı şəhər MKS-lərinin oxucuları beynəlxalq müsabiqədə 2013-cü ildən iştirak edirlər.