MƏDƏNİYYƏT
Gənc rəqqas Fuad Məmmədov “Şopeniana” baletində çıxış edəcək
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Mixail Fokinin (1880-1942) quruluşunda balet axşamı olacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, balet axşamında gənc rəqqas Fuad Məmmədov “Şopeniana” səhnə əsərində çıxış edəcək.
F.Şopenin əsərləri əsasında yaradılmış “Şopeniana” baleti müəyyən süjet xəttinə malik deyil. Bu, əslində personaj və xarakterlərin olmadığı, romantik xəyallar aləmini təcəssüm etdirən rəqs kompozisiyasıdır. Əsərin premyerası Mixail Fokinin quruluşunda 1908-ci il martın 8-də Mariya Teatrında olub.
F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.