REGİONLAR
Gənc sahibkar və fermerlərin biznes bacarıqları inkişaf etdirilir
Beyləqan, 24 noyabr, AZƏRTAC
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənc sahibkarların və fermerlərin biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Beyləqan rayonunda növbəti seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərin iştirak etdiyi seminarda İctimai Birliyin sədri Zaur Quliyev çıxış edərək, layihə haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi kənd yerlərində yaşayan gənc sahibkar və kiçik fermerlərin kənd təsərrüfatı üzrə yeni innovativ metodlar vasitəsilə məsləhət və informasiya xidmətlərinə çıxışının artırılması və məşğulluq imkanlarının gücləndirilməsinə dəstək verməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov Fondun gənclər üçün yaratdığı imkanlar, bu imkanlardan faydalanmaq üsullarından danışıb.
Seminarda təlimçi tərəfindən gənclərə motivasiya və özünəinam, biznes ideyasının yaradılması, istehsalat planı, biznes fəaliyyətinə başlamağın hüquqi əsasları, biznes-plan, onun bölmələri və tərtib edilmə metodikası haqqında ətraflı məlumatlar verilib, qrup işlərinin təqdimatı olub.
Sonda gənclərı maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.