CƏMİYYƏT
Gənc sahibkarlar və şəxsi biznesin qurulmasında maraqlı olan şəxslər maarifləndiriləcək
Bakı, 14 mart, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (İB) “Coca-Cola” şirkəti və Gənclər və İdman Nazirliyi tərəfindən “Youth Inc” Gənc Sahibkarlar Proqramı çərçivəsində “ASAN Könüllüləri” Gənclər Təşkilatı ilə birgə “Gənc Sahibkarlar üçün dövlət xidmətləri” adlı seminar və məlumat turu təşkil ediləcək. Seminar martın 14-də 1 nömrəli Bakı “ASAN xidmət” mərkəzində keçiriləcək.
İB-dən AZƏRTAC-a bildiriblər ki, seminar çərçivəsində iştirakçılar kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyat proseduraları barədə ətraflı məlumatlandırılacaq, sahibkarlıq fəaliyyəti ilə bağlı olan cari dövlət rüsumları və vergiləri ilə tanış olacaqlar. Həmçinin iştirakçılar əhaliyə, xüsusilə sahibkarlara göstərilən xidmətlərin qaydaları ilə tanışlıq imkanı qazanacaqlar.
Bildirib ki, seminarın vəzifəsi gənc sahibkarların və şəxsi biznesin qurulmasında maraqlı olan şəxslərin maarifləndirilməsidir. Bununla bərabər əsas məqsəd isə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq, gənc sahibkarlıq fəallığının stimullaşdırılması və nəticə kimi yeni iş yerlərinin açılmasına köməklik etməkdir.
Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən keçiriləcək. Seminarın yekununda bütün iştirakçılara sertifikatlar veriləcək.
“Youth Inc.” Proqramı 2013-cü ildən başlayaraq DVC, “Coca-Cola” şirkəti və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir. Proqram çərçivəsində 2 mindən çox gəncə təlim keçirilib, 8 yeni şirkətin qurulmasına dəstək olunub və 3 şirkətə investisiya yatırılıb. Proqramın məqsədi Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənc sahibkarlığa dəstək olmaqdır.