MƏDƏNİYYƏT
Gənc şairin kitabının təqdimatı keçirilib
Bakı, 3 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc şair Gülnar Səmanın “aybKitab” layihəsi çərçivəsində çap olunan “Gül” şeirlər kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, şair Əkbər Qoşalı Gülnar Səmanın yaradıcılığından söz açıb. Onun ümidverən gənc olaraq, dövrü mətbuatda da fəal çıxış etdiyini bildirib.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli gənc şairin elmi fəaliyyətlə məşğul olduğunu və bu işin öhdəsindən də uğurla gəldiyini vurğulayıb.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “aybKitab” layihəsinin gənc yazarlar və oxucular üçün mühüm layihə olduğunu söyləyib. Bildirib ki, “aybKitab” layihəsinin bu uğurlu fəaliyyəti davam edir və gənc imzaların tanıdılmasında, oxucuların kitaba marağının artırılmasında böyük rol oynayır.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar Jurnalist Qulu Ağsəs, şairlər Oqtay Rza, Fərqanə Mehdiyeva, yazıçı Şəhla Aslan və başqaları da çıxış edərək şairin şeirləri barədə fikirlərini bölüşüb və ona yaradıcılıq uğurları arzulayıblar.
Sonda Gülnar Səma tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, oxuculara imzalı kitablarını təqdim edib.