MƏDƏNİYYƏT
Gənc şairin oxucularla ikinci görüşü
Bakı, 3 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
İyunun 3-də Beynəlxalq Mətbuat Mərkəzində gənc şair Ülkər Piriyevanın “Vektor” beynəlxalq nəşrlər evində çapdan çıxmış “Fikir qayğıları” adlı kitabının təqdimatı keçirilib.
Kitabın redaktoru Əməkdar Müəllim, “Vektor” beynəlxalq nəşrlər evinin direktoru Elçin İsgəndərzadədir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi, “Ulduz” jurnalının şöbə müdiri Fərqanə Mehdiyeva, Əməkdar artistlər Azad Şükürov, Hüsniyyə Mürvətova, bəstəkar Arif Səlimov, şairə Nazilə Gültac və başqaları gənc şairin yaradıcılığında müsbət cəhətlərdən söhbət açıblar. Müəllifin oxucularla ikinci görüşü olan məcmuədə son dövrdə yazdığı şeirlərin, esselərinin toplandığı bildirilib. Kitabda Vətən anlayışı, Aprel döyüşlərində qəhrəmanlıq göstərən igidlərimiz, dənizdə həlak olmuş nakam taleli neftçilər, həyat, ölüm, sevgi və digər hadisələrə gənc şairin fərdi baxışı öz əksini tapıb.
Tədbirdə gənc şairin şeirlərindən ibarət slayd-şou göstərilib, şeirləri səsləndirilib.
Sonda Ü.Piriyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni yazdığı şeirlərini oxuyub.