İDMAN
Gənc sərbəst güləşçilərimiz Türkiyədə keçiriləcək Avropa çempionatında qızıl medallara iddialıdırlar VİDEO
Xaçmaz, 11 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 23-28-də Türkiyədə keçiriləcək Avropa çempionatına hazırlaşan sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası hazırlıqlarını Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Əsgərxan Novruzov, məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərlik etdikləri təlim-məşq toplanışına yığma komandanın 24 üzvü qatılıb. Gənc pəhləvanların arasında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları da var.
Gənclərdən ibarət Azərbaycan yığma komandası Türkiyənin İstanbul şəhərində təşkil olunan Avropa çempionatında 8 idmançı ilə təmsil olunacaq. Qitə birinciliyinin başlanmasına az müddət qaldığından təlimlərdə daha çox texniki-taktiki hazırlıqlara üstünlük verilir.
Yığma komandanın baş məşqçisi Əsgərxan Novruzov AZƏRTAC-a müsahibəsində gənc güləşçilərimizin Türkiyəyə medal dalınca yollandığını qeyd edib: “Avropa çempionatına medallar uğrunda 8 güləşçimiz mübarizə aparacaq. Pəhləvanlarımızın hamısına güvənirəm. Əminəm ki, İstanbulda bayrağımızı dalğalandıracağıq. Gün ərzində üç dəfə gərgin məşqlər keçirik. Avropa çempionatına tam hazırıq. Qitə çempionatından sonra Braziliyada keçiriləcək dünya birinciliyində də qüvvəmizi sınayacağıq”.
Gənc güləşçilərimizin Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı iyunun 20-dək davam edəcək. Ayın 21-də isə güləşçilərimiz Türkiyəyə yollanacaqlar.