REGİONLAR
Gənc sərhədçilər Vətənə sədaqət andı içdilər
Cəlilabad, 28 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi.
AZƏRTAC xəbər verir ki, mərasimdə DSX-nin rəisi, general-leytenant Elçin Quliyevin təbrik məktubu oxundu.
Tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov gənc əsgərləri andiçmə və Respublika Günü münasibətilə təbrik edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində oynadığı roldan, ulu öndər Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılması istiqamətində misilsiz xidmətlərindən danışıb.
A.Ələkbərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etməsi, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artması, ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinin böyük tarixi hadisə olması barədə ətraflı məlumat verib. Azərbaycan sərhədçilərinin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olduqlarını, Vətənə xidmət etməkdən qürur duyduqlarını diqqətə çatdırıb.
Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Övladlarını əlamətdar gün münasibətilə təbrik edən valideynlər onlara intizamlı və məsuliyyətli olmağı, Vətən sərhədlərini mərdliklə qorumağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin təntənəli marşla keçidi ilə başa çatıb.