CƏMİYYƏT
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
Bakı, 28 noyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran, Zaqatala, Şəmkir sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra DSX rəisi - Sərhəd Qoşunlarının Komandanı, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, Ümummilli Liderin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib.
Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirib, onlara müvəffəqiyyətlər arzulayıblar.
Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarına təbriklərini çatdıraraq Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.