MƏDƏNİYYƏT
Gənc soydaşımız Ruslan Aslanov “Eurovision-2015” uşaq mahnı müsabiqəsində Belarusu təmsil edəcək VİDEO
Minsk, 22 avqust, AZƏRTAC
İstedadlı həmvətənimiz Ruslan Aslanov uşaqlar arasında “Eurovision-2015” mahnı müsabiqəsində Belarusu təmsil edəcək. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, avqustun 21-də axşam Belarusda populyar beynəlxalq mahnı müsabiqəsinə milli seçim turunun finalında bu gənc ifaçı qalib gəlib.
Gənc artistə Belarus milli seçim mərhələsinin rəmzi olan büllur mikrofon təqdim edilib. Ruslan bu mükafatın ilk sahibi olub. Milli seçim turunun qalibi üçün xatirə hədiyyəsini sponsorlar təşkil ediblər.
“Belarus-1” telekanalı və “Belarus-24” peyk telekanalı mahnı müsabiqəsinin milli seçim turunun finalını birbaşa translyasiya ediblər. Belarus Teleradio Şirkətinin “600 metrov” studiyasında eyni vaxtda doqquz kamera ilə çəkilişlər aparılırdı. Qalib adına iddialı 10 namizəd öz kompozisiyalarını təqdim ediblər. Noyabr ayında Bolqarıstanın paytaxtında keçiriləcək uşaq “Eurovision” müsabiqəsinin səhnəsində çıxış etmək hüququ uğrunda 7 solo ifaçı, 1 duet və 2 qrup mübarizə aparırdı.
Milli seçim turunun lideri tamaşaçılar arasında və peşəkar münsiflər heyəti tərəfindən eyni vaxtda keçirilən səsvermə yolu ilə (50:50) müəyyən edilib. Həm tamaşaçılar, həm də peşəkar münsiflər heyəti Ruslanın ifa etdiyi “Ecazkarlıq” (“Volşebstvo”) mahnısını bütün başqa ifalardan üstün hesab ediblər.
Səsvermənin nəticələri elan ediləndən sonra gənc ifaçı sevinc göz yaşlarını saxlaya bilməyib və bu qələbəyə görə çox şad olduğunu etiraf edərək bildirib ki, Bolqarıstanda keçiriləcək beynəlxalq yaradıcılıq yarışında Belarusu ləyaqətlə təmsil etmək üçün əlindən gələni əsirgəməyəcək.
Belarus Teleradio Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, Ruslan 6 yaşından mahnı oxuyur, “Play studio” studiyasında məşğul olur. Belaruslu gənc ifaçı artıq bir neçə beynəlxalq layihədə özünü göstərib. Qazandığı bütün qələbələri əhəmiyyətli hesab edən Ruslan keçən il “Detskaya novaya volna” müsabiqəsində üçüncü yeri tutmasını və “Qolos.Deti” (Ukrayna) müsabiqəsini xüsusi qeyd edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk