ELM VƏ TƏHSİL


Gənc tədqiqatçılar milli elmimizi dünyada “Thomson Reuters” kimi elmi portalların vasitəsilə təbliğ etməlidirlər

Bakı, 15 may, AZƏRTAC

Təhsil Nazirliyində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC), “Yaşıl qələm” təhsil şəbəkəsinin birgə təşkilatçılığı ilə maarifçi QHT-lər və gənc tədqiqatçılar üçün “Thomson Reuters Web of Science”- əsas indeksinə çıxış və onunla əməkdaşlıq” mövzusunda məlumatlandırma görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin informasiya şöbəsinin institusional inkişaf üzrə əlaqələndiricisi Elçin Sərdarov iştirakçılara tədbirin məqsədi barədə məlumat verib, “Thomson Reuters” elmi portalı ilə əməkdaşlıq sahəsində gənc tədqiqatçılarımızın təcrübəli alimlərimizlə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. O, həmçinin maarifçi birliklərin elmin təşviqi məsələlərində daha fəal olmaları ilə bağlı fikirlərini bölüşüb.

“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəhbəri, professor Fuad Məmmədov, “Tərəqqi və demokratiya” elmə dəstək ictimai birliyinin sədri, sosiologiya elmləri doktoru Əhməd Məmmədov və Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev gənc tədqiqatçılara seçdikləri mövzulara məsuliyyətlə yanaşmalarını, yaradıcı olmalarını, müasir çağırışlara daha çox diqqət yetirmələrini tövsiyə ediblər. Natiqlər, həmçinin gənclərə milli elmimizi dünyada “Thomson Reuters” kimi elmi portalların vasitəsilə tanıtmaqda fəallıq göstərməyə çağırıblar.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Afət Sadıqova dövlətimizin başçısının təhsilə və gənc alimlərə göstərdiyi diqqət və qayğıdan danışıb. O, nazirliyin dəstəyi ilə hər il doktorantlar üçün təşkil edilən elmi-praktik konfransların, tematik seminarların və stimullaşdırıcı tədbirlər barədə məlumat verib.

Tədbirdə Təhsil İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov “Elmi tədqiqatlar: struktur və məzmun”, “Thomson Reuters” portalının Azərbaycanda elmi informasiya resursları üzrə eksperti Aygün Babazadə “Thomson Reuters Web of Science” - əsas indeksinə informasiya çıxışı və onunla əməkdaşlıq” mövzularında təqdimatlarla çıxış ediblər.

AGAAMC-nin sədri, fəlsəfə doktoru İlqar Orucov gənc tədqiqatçıların "Thomson Reuters” portalı və digər beynəlxalq elmi şəbəkələr və birliklərlə əməkdaşlıq etdiklərini bildirib. Tədqiqatçıların uğurlarından danışan İ.Orucov elmə həqiqi töhfə verə biləcək istedadlı gənclərin cəmiyyətdə elm, təhsil və idarəetmə sahələrinin inkişafına cəlb olunmalarının vacibliyini vurğulayıb.

“Gənc tədqiqatçıların beynəlxalq elmi nəşrlərlə əlaqələri” mövzusunda çıxış edən, Gənclər üçün Prezident mükafatçısı, gənc alim Elvin Məlikov “Thomson Reuters” elmi portalı ilə əməkdaşlıq təcrübəsindən danışıb.

Sonda təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov və başqaları təqdimatlarla çıxış etdilər.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarının, ali təhsil ocaqlarının doktorant və əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.