CƏMİYYƏT


“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birincilikləri yekunlaşıb

Bakı, 31 may, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Mayın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında VI “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib.

Bununla da mayın 10-dan başlamış zona birinciliklərinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Bakı şəhəri üzrə keçirilən zona birinciliyinin açılış mərasimində çıxış edən FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini, general-mayor Məhərrəm Həsənov, nazirliyin ictimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydın Yusifov yarışların əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyət hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir. Çıxış edənlər yarışların iştirakçılarına müvəffəqiyyətlər arzulayıblar.

Yarışlar “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə 3 mərhələdə keçirilib.

Birincilik uğrunda Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının məktəbliləri də qüvvələrini sınayıblar.

Yarışda 17 məktəbin komandasının tərkibində 119 məktəbli öz qüvvə və bacarığını nümayiş etdirib.

Gərgin mübarizə və sağlam rəqabət şəraitində keçən yarışlarda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.

Yarışda Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası birinci, Xətai rayonundakı 56 nömrəli orta məktəbin komandası ikinci, Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin komandası isə üçüncü yerə layiq görülüb və VI “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.

Sonra qalib komandalara kubok və diplom təqdim olunub.

Qeyd edək ki, VI “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinə mayın 10-da start verilib və Bakı şəhəri üzrə keçirilən zona birinciliyi ilə yekun vurulub.

Yarışların respublika birinciliyi iyunun 25-dən iyulun 2-dək Qəbələdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.