REGİONLAR
Gənc xilaskarlar sağlamlığın keşiyində
Ağcabədi, 29 noyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ ofisinin həyata keçirdiyi “Gənc xilaskarlar” layihəsinin yekunu olaraq Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı və Ağcabədi Pedaqoji Kollecinin tələbələri arasında “Sən də bir həyat xilas et!” mövzusunda müsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi yeniyetmə və gənclərə ilk tibbi yardımın mahiyyətini aşılamaq, hər hansı qəza zamanı həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması, baş verə biləcək bədbəxt hadisə və ya qəfil xəstələnmə vəziyyətlərində yardımın göstərilməsi, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün tibbi vəsait axtarmadan ilk tibbi yardım qaydalarının öyrədilməsidir.
Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qadınlar Şurası, GTM-in Qarabağ regional ofisi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, polis şöbəsi və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının dəstəyi ilə keçirilən müsabiqədə gənclər tərəfindən epilepsiya, qida zəhərlənmələri, zədələr və fövqəladə hallar zamanı baş verə biləcək hadisələrlə bağlı ilkin tibbi yardım nümayiş etdirilib.
Müsabiqənin sonunda qaliblərə diplom və hədiyyələr təqdim olunub.