REGİONLAR
“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılışı münasibətilə möhtəşəm konsert
Gəncə, 5 may, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi çərçivəsində şəhərin mərkəzindəki Heydər Əliyev adına meydanda möhtəşəm konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yerli və xarici sənətçilərin iştirakı ilə keçirilən musiqili gecədə şəhər sakinləri dünya şöhrətli müğənnilərin canlı ifalarını dinləmək imkanı qazanıblar.
Əvvəlcə səhnəyə Azərbaycanın Xalq Artisti Alim Qasımov çıxıb. Sənətkarın heyrətamiz ifası dinləyicilər tərəfindən coşqu ilə qarşılanıb. Daha sonra “Natiq” Ritm Qrupu və estrada müğənnisi Abbas Bağırov maraqlı musiqi nömrələri təqdim ediblər.
Dünya şöhrətli müğənnilər Aleksandra Stan və İn Qridin ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. İtalyan müğənnisi İn Qridin Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub.
Konsert proqramı “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın ifasında “Running Scared” mahnısı və möhtəşəm atəşfəşanlıqla başa çatıb.