CƏMİYYƏT
Gəncə 2016-cı il üçün Avropanın gənclər paytaxtı seçilmişdir VİDEO
Bakı, 22 noyabr (AZƏRTAC). Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncə 2016-cı il üçün Avropanın gənclər paytaxtı seçilmişdir.
Avropa Gənclər Forumu Gəncəyə bu adı şəhərdən daxil olan müraciət əsasında vermişdir. Müraciətdə əsas diqqət müxtəlif sahələrdə, o cümlədən insan hüquqları sahəsində yerli və Avropa gəncləri ilə ciddi iş planları üzərində cəmləşdirilmişdir.
Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç həmin qərarı şərh edərək demişdir: “Biz ciddi və ətraflı təklifə, habelə gənclərin maraq dairəsi, təhsil, sosial inteqrasiya, məşğulluq və könüllülərlə iş kimi məsələlərə sadiqliyinə görə Gəncəyə minnətdarlığımızı bildiririk”.
Gəncə Vilnüs (Litva), Varna (Bolqarıstan), Qoluey (İrlandiya), La-Laquna və Badaxos (hər ikisi İspaniya) kimi rəqib şəhərləri geridə qoymuşdur.
Mükafatlandırma mərasimi Avropa Gənclər Forumu Şurasının 2014-cü ildə Avropanın Gənclər paytaxtı olacaq Salonikidəki iclası zamanı keçirilmişdir.
Gənclər paytaxtı adı şəhərə bir il müddətinə verilir. Bir il ərzində həmin şəhərin gənclər üçün mədəni, idman, ictimai-siyasi tədbirlər keçirmək, Avropanın hər yerindən olan gənclərin yerli gənclərlə bərabər şəhərin həyatında iştirak etmələrinə şərait yaratmaq imkanı vardır. 2009-cu ildən fəaliyyətə başlayan bu qurum nisbətən yeni Avropa təsisatıdır. Bu müddət ərzində Rotterdam, Turin, Antverpen (Belçika), Braqa (Portuqaliya) və Maribor (Sloveniya) şəhərləri Avropanın gənclər paytaxtları olmuşdur. 2015-ci ildə bu estafeti Salonikidən Kluj-Napoka (Rumıniya) şəhəri qəbul edəcəkdir.