İQTİSADİYYAT
Gəncə Avtomobil Zavodu “Caspian Agro 2015” sərgisində iştirak edəcək
Bakı, 20 may, AZƏRTAC
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2015”) sərgisinə qatılacaq.
İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Avtomobil Zavodu sərgidə 9 model traktor, otbiçən və kotanla iştirak edəcək. Bu traktorlar “Belarus 3522”, “Belarus 2103”, “Belarus 921”, “Belarus 152”, “Belarus 132”, “Belarus 1221”, “Belarus 892”, “Belarus 622”, “Belarus 422”-dir. Bu modellərdən “Belarus 3522”, “Belarus 2103”, “Belarus 152” ilk dəfə müəssisə tərəfindən sərgidə təqdim olunur.
“Müəssisəmiz artıq 4-cü dəfədir “World Food Azerbaijan” və “Caspian Agro” sərgisində iştirak edir. Sərgiyə maraq böyükdür. Azərbaycanın bütün şəhər və rayonlarından bu sərgiyə fermerlər, iş adamları qatılırlar. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi istehsal etdiyi kənd təsərrüfatı texnikalarını nümayiş etdirməklə fermerlərin və iş adamlarının, iri şirkətlərin maraq dairəsinə düşməyi, yeni tərəfdaşlar və alıcılar tapmağı qarşıya məqsəd qoyub”, - deyə müəssisədən bildiriblər.