REGİONLAR
Gəncə Dövlət Filarmoniyası üçün tikilən yeni binanın fasadını Azərbaycan bəstəkarlarının heykəlləri bəzəyəcək
Gəncə, 18 may, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə əsası qoyulan Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda filarmoniyanın interyerində və binanın qarşısındakı iki böyük fəvvarədə quraşdırma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, layihəsində antik yunan və orta əsrlər Avropasının Barokko memarlıq üslubunun üstünlük təşkil etdiyi filarmoniya binasının eyvanında Azərbaycan musiqi sənətinin 5 görkəmli nümayəndəsinin əzəmətli heykəli ucaldılacaq.
Bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. Elmar Vəliyev bildirib ki, Gəncə Dövlət Filarmoniyasının eyvanını Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin, eləcə də dünya musiqi xəzinəsini əvəzolunmaz əsərləri ilə zənginləşdirən bəstəkarlar - Fikrət Əmirov, Qara Qarayev, Niyazi Tağızadə və Arif Məlikovun heykəlləri bəzəyəcək.
Qeyd edək ki, eksteryerində zəngin arxitektura nümunələrinin və yunan əsatirləri qəhrəmanlarının əks olunduğu Gəncə Dövlət Filarmoniyasının binası həm də Qafqazda bu təyinat üzrə tikilən ən möhtəşəm mədəniyyət mərkəzidir.