MƏDƏNİYYƏT


Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub

Bakı, 22 iyun, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq Artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyunun 22-də şəhərdəki Məhsəti Gəncəvi Mərkəzində direktorun kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Gəncədə mədəniyyət ocaqlarının tikintisi və müasirləşməsi prosesinin uğurla davam etdiyini deyib. Bildirib ki, bu sırada Gəncə Dövlət Filarmoniyası xüsusi yer tutur. Dövlətimizin başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən filarmoniyanın yeni binasının təməlini qoyub. Hazırda bu obyektdə işlərin əsas hissəsi görülüb.

Məlumat verilib ki, bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılır. Binada restoran və kafelər, yeraltı qaraj da olacaq.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev dövlətin hər zaman mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşdığını deyib. Bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan xalqının mədəni irsi, musiqisi dünyada layiqincə təbliğ olunur. Bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun siyahılarına daxil edilib.

Nazir, həmçinin Gəncə şəhərinin mədəni həyatından danışıb. Qeyd edib ki, Gəncə tarixən Azərbaycanın, eləcə də Şərqin böyük mədəniyyət mərkəzi olub: “Gəncə Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş edib. Bu ənənə davam etməlidir. Bu işdə uzun illər fəaliyyət göstərən, özünün ənənələri formalaşan Gəncə Dövlət Filarmoniyası da layiqincə fəaliyyət göstərməlidir. İndi filarmoniya üçün yeni, müasir bina inşa edilir. İnanıram ki, dövlətin göstərdiyi diqqət və qayğıya Gəncə Dövlət Filarmoniyası da öz yüksək mədəni xidmətləri ilə cavab verəcək”.

Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasının gələcək fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verərək, kollektivə fəaliyyətində uğurlar arzu edib.

Sonda Samir Cəfərov çıxış edərək ona göstərilən böyük etimada görə minnətdarlığını bildirib.

Qeyd edib ki, ifaçı bundan sonrakı fəaliyyətini Gəncə Dövlət Filarmoniyasının işinin günün müasir tələbləri səviyyəsində qurulmasına həsr edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.