REGİONLAR
Gəncə Dövlət Filarmoniyasının tikintisi başa çatmaq üzrədir
Gəncə, 9 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə əsası qoyulan Gəncə Dövlət Filarmoniyasında tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda filarmoniyanın konsert zalında səs akustikasını ən yüksək səviyyədə qurmaq məqsədilə bir sıra yerli və xarici mütəxəssislərin təklifləri dinlənilir, bu sahədə böyük təcrübəyə malik şirkətlərlə danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.
Elmar Vəliyev deyib ki, orijinal layihə əsasında inşa edilən Gəncə Dövlət Filarmoniyasının binası şəhərin memarlıq görünüşünə estetik gözəllik bəxş edəcək və bu bina mötəbər mədəni tədbirlərin, festivalların, eləcə də ölkə və beynəlxalq əhəmiyyətli müsabiqələrin keçirildiyi əvəzsiz məkan olacaq.
Filarmoniya binasının inşasında Qərb Renessans arxitekturasının bir çox elementlərinin Şərq memarlıq ənənələri ilə üzvi şəkildə birləşdiyini deyən icra hakimiyyətinin başçısı qeyd edib ki, 1200 nəfərlik tamaşaçı üçün nəzərdə tutulan mədəni mərkəzdə həm də iki kinozal, açıq havada yay estrada meydanı, eləcə də bir çox studiya və məşq otaqları yaradılacaq.
Gəncə Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansamblı, xor, qədim musiqi alətləri ansamblı, simfonik musiqi alətləri orkestri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də bir çox musiqi kollektivləri və qrupları fəaliyyət göstərəcək.