REGİONLAR
Gəncə Dövlət Kukla Teatrının səhnəsində “Çətin məsələ”
Gəncə, 29 aprel, Rauf Hacıyev, AZƏRTAC
Bu il fəaliyyətə başlamasının 30 illik yubileyini qeyd edəcək Gəncə Dövlət Kukla Teatrı həmişə olduğu kimi, bu dəfə də yeni səhnə əsəri ilə azyaşlı tamaşaçılarını sevindirib. Hazırda teatrda Azərbaycan Respublikasının Əməkdar Artisti Xudayət Əsgərovun quruluş verdiyi Rafiq Səməndərin “Çətin məsələ” əsəri oynanılır.
Bu barədə AZƏRTAC-a müsahibəsində teatrın direktoru Bayram Fətəliyev bildirib.
O qeyd edib ki, yeni tamaşa əvvəlki səhnə əsərlərindən quruluş etibarilə tamamilə fərqlənir. Çünki azyaşlı tamaşaçılar əvvəllər olduğu kimi, yalnız tamaşanın qurtarmasını gözləməklə kifayətlənmir, özləri səhnə əsərinin necə bitəcəyinə qərar verirlər. Tamaşanın əvvəlində nağıl qəhrəmanı bildirir ki, onun qarşısında həlli asan olmayan məsələ var. Məsələnin həlli üçün qəhrəman uşaqlara müraciət edib onlardan kömək istəyir. Beləliklə, çətin məsələnin həllinə çalışan balacalar özləri də tamaşanın fəal iştirakçısına çevrilirlər.
Bayram Fətəliyev bildirib ki, səhnə üçün yeni olan bu cür tamaşalar əsasən uşaqların məntiqi təfəkkürlərinin və riyazi hesablama bacarıqlarının daha da inkişaf etdirilməsinə xidmət edir.