REGİONLAR
Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tədris korpusu və şagird yataqxanası əsaslı təmir olunub VİDEO
Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC
Nizami yurdunda Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanasının əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın sabahı üçün misilsiz xidmətlərindən danışıb.
Elmar Vəliyev cari ildə MDB-nin Mədəniyyət Paytaxtı olan Nizami yurdunda həyata keçirilən layihələr haqqında geniş məlumat verib. O, peşə məktəbinin kollektivini təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fazil İsmayılov qeyd edib ki, peşə məktəbinin binası 1966-cı ildən fəaliyyət göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb. Burada aparılan əsaslı təmir nəticəsində məktəbin binasının müasir tələblərə cavab verən səviyyəyə gətirildiyini deyən Fazil İsmayılov bildirib ki, hazırda məktəbdə “dərzi”, “kompüter ustası”, “bərbər-manikürçü”, “dülgər”, “inşaat materialları, konstruksiyalarının və məmulatların qəlibçisi”, “biçmə-tikmə avadanlıqlarının operatoru, tikişçi” peşələri üzrə kadrlar hazırlanır.
Direktor vurğulayıb ki, bu peşələr üzrə 154 şagirdə 8 istehsalat təlimi ustası, 16 nəfər pedaqoji və yardımçı heyət xidmət edir. Əsaslı yenidənqurma işlərindən sonra peşə-təhsil müəssisəsində yeni sinif otaqları, idman zalı, kitabxana, dülgər və tikiş emalatxanaları, həmçinin şagird yataqxanası yaradılıb.
Peşə Təhsil Mərkəzinin şagirdləri çıxış edərək yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Təmir işlərində əməyi keçən inşaatçılar şəhər rəhbərliyi tərəfindən fəxri fərmanla təltif ediliblər.
Sonda məktəbdə və yataqxanada yaradılan şəraitlə tanışlıq olub.