REGİONLAR
Gəncə Dövlət Universitetində innovasiyalar departamenti fəaliyyətə başlayıb
Gəncə, 22 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində innovasiyalar departamenti fəaliyyətə başlayıb.
Açılış mərasimində ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov innovasiyalar departamentinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası haqqında” Sərəncamına əsasən, ali təhsil müəssisələri qarşısında qoyulan vəzifələrin həllinə uyğun olaraq yaradıldığını bildirib.
Dövlət strategiyasının məzmunu haqqında məlumat verən professor Yusif Yusibov deyib ki, ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsindən, əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafının, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Bu baxımdan innovasiyalar departamentinin yaradılmasında əsas məqsəd dünyada mövcud olan müxtəlif innovasiyaları mənimsəmək, onları universitetə gətirmək, təşəbbüsləri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirmək, həmçinin sənaye sahələrinə transfer etməkdən ibarətdir.
Bildirilib ki, universitetin əsas binasında fəaliyyətə başlayacaq innovasiya departamentində müasir şərait yaradılıb, şöbələr zəruri inventar və informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Departamentdə fəaliyyət göstərəcək kadrlar da müəyyənləşib. Mərkəzin əməkdaşları ABŞ, İtaliya, Yunanıstan, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb. Burada 8 şöbə və 1 laboratoriya elm-təhsil araşdırmaları ilə məşğul olacaq.
Sonra departamentə daxil olan ayrı-ayrı şöbələrin funksiyaları haqqında məlumat verilib.
Tədbirdə çıxış edən universitetin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə innovasiyalar departamentinin fəaliyyətə başlamasını ali təhsil müəssisəsinin inkişafı istiqamətində böyük töhfə olduğunu deyib. Həmçinin bu cür mərkəzlərin fəaliyyəti ilə bağlı dünyanın qabaqcıl universitetlərinin təcrübəsi haqqında məlumat verib.
İnnovasiyalar departamentinin rəhbəri Vasif Həsənov mərkəzin gələcək fəaliyyət istiqamətləri və qarşıya qoyulan vəzifələrdən danışıb.
Sonda departamentdə yaradılan şəraitlə tanışlıq olub.