REGİONLAR
Gəncə Dövlət Universitetində mübadilə proqramlarına qoşulan müəllim və tələbələrin sayı artıb
Gəncə, 30 iyun, Rauf Hacıyev, AZƏRTAC
Son üç ildə Gəncə Dövlət Universitetindən (GDU) akademik mübadilə proqramlarına qoşulan, eləcə də beynəlxalq təlim və təkmilləşdirmə kurslarında iştirak edən müəllim və tələbələrin sayı artıb.
Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov AZƏRTAC-a bildirib ki, hazırda universitetin bakalavr üzrə iki tələbəsi Avropa Komissiyasının layihəsi çərçivəsində təhsilini Polşanın Lodz Universitetində ingilis dili və rus dili müəllimliyi ixtisaslarında davam etdirir.
GDU-nun müəllim və tələbələri Türkiyənin maliyyə dəstəyi ilə həyata keçirilən Mövlanə Mübadilə Proqramında da fəal iştirak edirlər. Bu vaxta qədər ali məktəbin bir çox müəllim və tələbələri həmin proqramın imkanlarından istifadə edib. Universitetin iki nəfər üçüncü kurs tələbəsi Giresun Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alır.
Avropa Komissiyasının “Erasmus Mundus” layihələrində GDU-nun xarici dillər fakültəsindən üç müəllim və iki tələbə qrant qazanıb. Universitetin iki müəllimi Çexiyanın Masayrik Universitetində və İtaliyanın Ka Foskari Universitetində doktorantura proqramı üzrə elmi tədqiqat işlərini davam etdirir. Qrant layihəsi qazanan üçüncü müəllim İtaliyanın Tusçiya Universitetində akademik heyət qismində dilçilik sahəsində çalışacaq. Akademik mübadilə proqramına qoşulan iki tələbə isə İspaniyanın Seviliya Universitetində alman dili müəllimliyi ixtisası üzrə magistratura təhsilini davam etdirəcək.
Yaxın günlərdə universitet “Erasmus Plus” proqramına əsasən bir il müddətində İtaliyanın Pavia Universiteti ilə “Beynəlxalq kredit mobilliyi” mübadilə proqramında iştirak edəcək. Artıq sənədləşmə işləri yekunlaşıb. Tələbə və müəllimlərin seçim mərhələsinin nəticəsi isə tezliklə elan olunacaq.
GDU-nun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İtaliya, Finlandiya və Estoniyada təlim və təkmilləşdirmə kurslarında iştirak edəcəklər.
Universitetdə təhsil almaq istəyən əcnəbi tələbələrin də sayı ildən-ilə artır. Hazırda ali məktəbin müxtəlif fakültə və ixtisaslarında bakalavr və doktorantura təhsil forması üzrə Ukrayna, Pakistan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya vətəndaşları təhsillərini davam etdirirlər.