REGİONLAR


Gəncə Dövlət Universitetinin yeni tədris korpusunda kompleks yenidənqurma işləri başa çatıb

Gəncə 2 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunda kompleks təmir-tikinti və yenidənqurma işləri başa çatıb.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni tədris ilindən etibarən universitetin filologiya və xarici dillər fakültələrində təhsil alan 1200 nəfərə yaxın tələbəsi dərslərini 5-ci tədris korpusunda davam etdirəcək. Həmçinin xarici dillər fakültəsinin qrammatika və ingilis dilinin tədrisi, praktik xarici dillər, leksika və ölkəşünaslıq, alman, fransız, rus dilləri kafedraları, filologiya fakültəsinin isə Azərbaycan dili, Azərbaycan dilinin tədrisi, Azərbaycan və dünya ədəbiyyatı kafedraları yeni tədris korpusunda fəaliyyət göstərəcək.

Dördmərtəbəli tədris korpusunda kompleks yenidənqurma işləri zamanı tələbələrin müasir biliklərə yiyələnməsi, asudə vaxtlarının səmərəli təşkili üçün zəruri amillər nəzərə alınıb. Universitetin əsas binasından bu korpusa optik kabel çəkilib. Binadakı bütün otaqlar sürətli internetlə təmin edilib. Binanın fasiləsiz elektrik enerjisi ilə təchizi üçün həyətdə yarımstansiya qurulub, 0,4 kilovoltuq yeraltı elektrik xətti çəkilib. Yeraltı su hovuzu tikilərək su nasosları quraşdırılıb.

Tədris korpusunun birinci mərtəbəsində hər iki fakültədə oxuyan tələbələr üçün kitabxana və oxu zalı fəaliyyət göstərəcək. Müasir kitablar və dərs vəsaitləri ilə təmin olunacaq kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər. Müxtəlif elmi-mədəni kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan geniş zal da tədris korpusunun birinci mərtəbəsində yerləşir. Digər mərtəbələrdə isə müvafiq kafedralar, auditoriya və fənn kabinetləri fəaliyyət göstərəcək. Fənn kabinetləri tələbələrin praktik dil bacarıqlarının yüksəldilməsi üçün zəruri avadanlıqla təchiz ediləcək.

Yeni tədris korpusunda hər cür şəraiti olan müasir idman zalı da yaradılıb. Binanın həyətində isə müxtəlif idman yarışlarının təşkili üçün voleybol, basketbol və mini futbol meydançaları quraşdırılıb. Tədris binasının həyətində geniş yaşıllıq zonası və istirahət guşələri yaradılıb, “Ana dili” abidəsinin ətrafında abadlıq işləri görülüb.

Hazırda avadanlığın quraşdırıldığı korpusun yeni tədris ilindən universitetin professor-müəllim və tələbə heyətinin istifadəsinə verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.