CƏMİYYƏT
Gəncə “Gəzən kitabxana III” layihəsinə start verilib
Bakı, 13 oktyabr, AZƏRTAC
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” proqramı çərçivəsində Gəncədə “Gəzən kitabxana III” layihəsinin icrasına start verilib. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilir.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin açılış mərasimində Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov, şəhər icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kənan Məmmədov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov və YAP Gəncə şəhər təşkilatı gənclər birliyinin sədri Turan Məmmədzadə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
İlin sonunadək davam edəcək layihə çərçivəsində Gəncədə səyyar kitabxana oxucuların istifadəsinə verilir. Zənginləşdirilmiş kitab fonduna və yenilənmiş elektron kitab bazasına malik olacaq “Gəzən kitabxana”nın Gəncə ilə yanaşı, Şəmkirdə də təşkili nəzərdə tutulub.