REGİONLAR
“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017”: təntənəli açılış mərasimində unudulmaz anlar yaşanıb VİDEO
Gəncə, 18 mart, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017” layihəsinin təntənəli açılış mərasimi iştirakçılarda böyük təəssürat və xoş ovqat yaradıb.
AZƏRTAC xəbər verir ki, layihənin açılışında iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar Heydər Əliyev Park Kompleksindəki sərgiyə baxıb, konsert proqramına tamaşa ediblər.
Hər tərəfi gül-çiçəklə bəzədilən, bayram libaslı xiyabanda qonaqları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb, onlara qədim Oğuz yurdu Gəncədə xeyir-dua verib. Sonra səhnədə rəmzi olaraq Gəncənin tarixi şəxsiyyətləri Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın bütövlüyü və inkişafı uğrunda həmrəy olmağa çağırıb. Yazın müjdəçisi olan Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib. Müdrik el ağsaqqalı Dədə Qorqud həmrəylik rəmzi olan odu iştirakçılara təqdim edib və Novruz tonqalı bu odla alovlandırılıb. Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, qonaqlarla yumurta döyüşdürməsi maraqla qarşılanıb. Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət Mahnı və Rəqs ansamblının kollektivləri qonaqlar qarşısında şən rəqslərlə çıxış ediblər. Meydanda bəzədilən çadırlar önündə Məhsəti Gəncəvinin ədəbi İrfan məclisi qurulub. Tədbir iştirakçıları Xaqani Şirvani, Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Nigar Rəfibəylinin bənzərsiz poeziya dünyasına səyahət ediblər.
Xiyaban boyu quraşdırılan pavilyonlarda şəhərin idarə, təşkilat və müəssisələrinin hazırladığı stendlər qonaqlara təqdim olunub. Bu pavilyonlarda gəncəli sənətkarların dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid hazırladığı dəmirçilik, misgərlik, zərgərlik, şüşəişləmə, ağacişləmə, səbəttoxuma və digər sənət nümunələri nümayiş etdirilib.
Qədim və müasir Gəncə-Qazax qrupu xalçalarının nümayiş olunduğu pavilyonda qonaqlara yeni toxunmuş Gəncə xalçası hədiyyə edilib. İştirakçılar burada quraşdırılan “Bazar meydanı” tamaşasına da maraqla baxıblar. Meydan tamaşada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırlanan yumorlu səhnəciklər iştirakçılar tərəfindən təbəssümlə qarşılanıb. İdmanın müxtəlif növlərində təmsil olunan gənclərin nümunəvi çıxışları, eləcə də pəhləvanların kəndirdartma, qolgüləşdirmə kimi nömrələri xoş ovqat yaradıb.
Bayram tədbirində qədim Gəncənin milli yemək və çay süfrəsi açılıb. İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib. MDB dövlətlərinin milli geyimlərində mahnı oxuyan, rəqs edən, şeir deyən balacaların, gənclərin çıxışları, estrada və xalq mahnıları, muğamlar, müxtəlif çalğı alətlərində ifa olunan musiqilər hər kəsə unudulmaz anlar yaşadıb.
Sonda ulu Nizami Yurdunun minilliklərdən boylanan şanlı tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini və milli-mənəvi dəyərlərimizin ən gözəl xüsusiyyətlərini özündə təcəssüm etdirən möhtəşəm bayram tədbirinə konsert proqramı ilə yekun vurulub.