ORDU
Gəncə Qarnizonunda “Heydər Əliyev və dövlət müstəqilliyimiz” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi ərəfəsində Gəncə Qarnizonunda “Heydər Əliyev və dövlət müstəqilliyimiz” mövzusunda tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bir qrup hərbi qulluqçu Gəncə şəhərindəki Heydər Əliyev park-kompleksinə gələrək Ümummilli Liderimizin abidəsi önünə gül dəstələri qoyublar. Sonra hərbi qulluqçular Heydər Əliyev Mərkəzinin nəzdindəki muzeyin ekspozisiyası ilə tanış olublar.
Mərkəzin əməkdaşı Sevinc Əhmədova Ümummilli Liderimizin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi illər, dövlət müstəqilliyimizin qorunmasında, ordu quruculuğunda, eləcə də qədim Gəncənin inkişafındakı müstəsna xidmətlərini əks etdirən foto, sənəd və digər eksponatlarla əsgər və zabitləri tanış edib.
Sonra “Heydər Əliyev və dövlət müstəqilliyimiz” mövzusunda “dəyirmi masa” işə başlayıb.
Müdafiə Nazirliyinin zabiti, Prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani mövzu ilə bağlı ətraflı çıxış edərək bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımız həmişə müstəqillik arzusu ilə yaşayıb. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq həmişə ölkəmizin dövlət müstəqilliyini bərpa edəcəyinə inanıb və uzaqgörənliklə bu istiqamətdə mühüm tədbirlər görüb. Ötən əsrin 70-ci illərində dahi şəxsiyyətin yaratdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey olmasaydı, dövlət müstəqilliyimizin qarantı olan bugünkü güclü Silahlı Qüvvələrimiz haqqında danışmaq belə mümkün olmazdı.
Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə baxmayaraq, həmin tarixi günə qovuşmağımızın təməlində məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Heydər Əliyev dönmədən deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir.
“Dəyirmi masa”da iştirak edən Gəncə Dövlət Universitetinin dosenti, tarix və siyasi elmlər üzrə fəlsəfə doktoru Etibar Musayev, Müdafiə Nazirliyinin zabiti, polkovnik Nazim Əhmədov, Gəncə Dövlət Aqrar Universitetinin müəllimi Sevda Abdullayeva, polkovnik-leytenant Loğman Xanlarov, mayor İftixar Mehdiyev, kapitan Vüsal Sadıqov, leytenant Arif İsmayılov və başqaları respublikamızın tərəqqisində, iqtisadi, siyasi, mədəni uğurlarında, beynəlxalq əlaqələrin genişlənməsində, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer almasında, ümumiyyətlə, dövlət müstəqilliyimizin möhkəmlənməsində, daimi və əbədi olmasında xalqımızın dahi oğlu Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıblar.
Milli Qəhrəman şəhid Elbrus Allahverdiyevin qızı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sevinc Allahverdiyeva Azərbaycanın dövlət müstəqilliyinin qorunması və respublikamızın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi uğrunda şəhid olanların ailə üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunması ənənəsinin də əsasının Heydər Əliyevin qoyduğunu diqqətə çatdırıb.
“Dəyirmi masa”nın sonunda Heydər Əliyev Mərkəzinə və qonaqlara kitab-albomlar hədiyyə edilib.