REGİONLAR


Gəncə-Qazax iqtisadi rayonunda 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq

A+ A

Qazax, 7 oktyabr, AZƏRTAC

Cari ilin iyul ayından etibarən ABŞ-ın maliyyə dəstəyi ilə “Gəncə Aqrobiznes Assosiasiyası” tərəfindən “Ağıllı Azərbaycan Fermer Təsərrüfatı” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Qazax rayonunda layihənin ictimaiyyətə təqdimat mərasimi olub. Gənclər Mərkəzində keçirilən tədbirdə fermerlər, sahibkarlar, meyvə-tərəvəz istehsalçıları ilə yanaşı, dövlət və yerli özünüidarəetmə orqanları nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev layihənin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonumuzda bu layihənin icrası kənd təsərrüfatının daha da inkişafına təkan verəcək.

Layihənin rəhbəri Yalçın Nəsibov çıxışında layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, layihə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 9 inzibati rayonu əhatə edir. Layihənin fəaliyyət proqramına uyğun olaraq 3 il ərzində (2016-2019) bu rayonlarda dünyanın ən qabaqcıl aqrar ölkələrində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və innovasiyalarından istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq 12 nümunəvi fermer təsərrüfatı yaradılacaq və bu təcrübə ölkənin aqrar sektorunda tətbiq ediləcək.

Mərasimdə tədbir iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.