REGİONLAR
Gəncə alimləri bildirçinlər üzərində tədqiqat işlərinə başlayıblar
Gəncə, 28 yanvar (AZƏRTAC).
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) heyvandarlıq və balıq məhsulları istehsalı kafedrasının nəzdində yenicə yaradılmış bildirçinçilik üzrə koordinasiya mərkəzində maraqlı tədqiqat işlərinə başlanılıb.
Alimlər bildirçinlərin saxlanma qaydaları, yoluxa biləcəkləri xəstəliklərə qarşı mübarizə tədbirləri və ən nəhayət onlardan alınan ərzaq məhsullarının qidalılıq keyfiyyəti ilə bağlı elmi araşdırmalar aparırlar.
Universitetin professoru, kənd təsərrüfatı elmləri doktoru Arif Tağıyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib ki, araşdırmalar zamanı məlum olub ki, bildirçinlərin bədən temperaturu 38 dərəcədən yüksək olduğundan, onların infeksion xəstəliklərə yoluxma ehtimalı olduqca azdır. Bu canlılarda əsasən mineral maddələrin çatışmazlığı, ilk növbədə tük tökülməsi və ətraflarda yorğunluq müşahidə olunur. Hazırda təbiətin bu nadir quşlarının Azərbaycanın iqlim şəraitinə uyğunlaşdırılması, saxlanma yerlərində mikroiqlim, eləcə də onlara qulluq qaydaları istiqamətində tədqiqat işləri uğurla davam etdirilir.