REGİONLAR
“Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqənin təqdimatı olub VİDEO
Gəncə, 11 iyul, AZƏRTAC
Gəncədəki Məhsəti Mərkəzində “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq foto müsabiqənin təqdimatı olub.
Təqdimatda azərbaycanlı gənclərlə yanaşı Litva, Rumıniya, Polşa, Çexiya, Finlandiya, Ukrayna, Türkiyə, Gürcüstan, Monteneqro, Estoniya, Portuqaliya, Yunanıstan, Sloveniya, Serbiya, Macarıstandan olan gənc fotoqraflar da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən layihənin təqdimat mərasimində çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, şəhər icra hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev və Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov layihənin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərini Avropada tanıtmaq, Avropa gəncləri ilə yerli gənclər arasında əlaqələr yaratmaq, eləcə də avropalı gəncləri Azərbaycan mədəniyyəti ilə yaxından tanış etməkdir.
Layihə çərçivəsində avropalı gənc fotoqraflar 5 gün müddətində Gəncə və onun gənclərinin həyatından bəhs edən şəkillər çəkəcəklər. Professional və təcrübəli münsiflər heyəti çəkilmiş 50 ən uğurlu şəkli seçəcək. Həmin şəkillər Məhsəti Mərkəzində açılacaq foto-sərgidə nümayiş etdiriləcək. Bundan başqa, avropalı gənclər öz ölkələrinə qayıtdıqdan sonra Gəncədə çəkdikləri şəkillərdən ibarət foto-sərgilər də təşkil edəcəklər.