REGİONLAR
Gəncə avtomobil zavodu “Kənd təsərrüfatı ili”ndə fəaliyyətini daha da genişləndirib
Gəncə, 27 may, AZƏRTAC
Cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ölkəmizdə aqrar sektorun inkişafına böyük təkan verib. Dövlətimizin fermerlərə etdiyi güzəştlər onların fəaliyyətini dəstəkləməklə yanaşı, məhsul istehsalının artmasına da səbəb olur. Güzəştlərdən biri də torpaq sahiblərinin müxtəlif texnikalarla, əkin aqreqatları ilə təminatıdır. Bu sahədə də bir sıra uğurlara imza atılıb. Gəncə avtomobil zavodunda istehsal edilən traktorların güzəştli kreditlərlə fermerlərə satılması, uzun illərdən bəri yaranan problemlərə demək olar ki, birdəfəlik son qoyub.
Zavodun direktoru Kamran Nəzərov AZƏRTAC-ın müxbirinə bu sahədə həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, müəssisədə istehsal olunan kənd təsərrüfatı texnikaları nəinki ölkə daxilində, həmçinin ölkəmizdən kənarda da böyük həvəslə alınır: “Mayın 21-23-də Bakıda keçirilən “CaspianAqro-2015” sərgisində nümayiş etdirdiyimiz müxtəlif markalı “Belarus” traktorları böyük marağa səbəb oldu və çoxlu sifariş aldıq. Bu da onu göstərir ki, Gəncə avtomobil zavodu artıq öz əhatə dairəsini genişləndirməklə, yeni uğurlar qazanır”.
Zavodun direktoru onu da diqqətə çatdırdı ki, hazırda müəssisədə traktor istehsalı uğurla davam etdirilir. İstər fermerlər, istərsə də sahibkarlar zavodun məhsullarını almaq üçün heç bir problemlə üzləşmirlər. Cari ildə tələbat və ehtiyac nəzərə alınaraq, 300 ədəd “Belarus” traktorunun yığımı başa çatdırılıb. Lakin bu, son hədd deyil. Dövlət sifarişi olarsa, kənd təsərrüfatı işçilərini istənilən qədər texnika ilə təmin etmək əzmindəyik.