REGİONLAR
Gəncə çayında yaranan daşqın sahildəki evləri qəzalı vəziyyətə salıb VİDEO
Gəncə, 25 may, Rauf Hacıyev, AZƏRTAC
Mayın 25-də günorta saatlarından başlayaraq yağan güclü yağış Gəncə çayında suyun səviyyəsinin intensiv artması ilə müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, çayda yaranan sel sol sahildəki torpaq bəndi yararaq, çayın yaxınlığında yerləşən 20 fərdi yaşayış evinə dolub. Güclü sel suları evlərin divarında çatlar yaradıb, 10 fərdi yaşayış mənzilini tamamilə qəzalı vəziyyətə salıb.
Hadisə yerinə dərhal Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri gələrək təcili və təxirəsalınmaz tədbirlər görüblər. Gəncə çayının yatağına texnika yeridilib, yarılan bəndin qarşısı torpaq qatı ilə kəsilib. Tədbirlər nəticəsində yaşayış evlərinin ətrafı sel sularından təmizlənib.
Hazırda kanalizasiya sularının da daşması nəticəsində yaşanılması mümkün olmayan evlərdən vətəndaşların köçürülməsi həyata keçirilir.