REGİONLAR


Gəncə: doqquz ayda gənclərlə iş sahəsi üzrə 129 layihə reallaşdırılıb

A+ A

Gəncə, 20 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Yanvar-sentyabr aylarında Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənclərlə iş sahəsi üzrə 129 layihə, o cümlədən 5 beynəlxalq tədbir həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, respublikamızda həyata keçirilən gənclər siyasəti, gələcək nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması, müasir gəncliyin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşdırılması üçün görülən işlər Gəncə şəhərində uğurla icra olunur.

Ötən 9 ayda Prezident yanında Gənclər Fondunun keçirdiyi müsabiqələrdə Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı layihələr prioritet istiqamət kimi dəyərləndirilib və qəbul edilib. Gənclər Fondunun 8-ci qrant müsabiqəsində dəstəklənən 93 layihədən 59-u Gəncə şəhərində icra olunub. Həmin layihələrdən 28-i yerli, 6-sı isə beynəlxalq layihə olub.

Həmçinin gənclərin şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərə yönəldilməsi diqqət mərkəzində saxlanılıb. Gənclərlə iş sahəsində “Erkən nikah qədərin olmasın!”, “Gənclər narkomaniyaya yox deyir!”, “Yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək təşəbbüsləri”, “21 Sentyabr - Beynəlxalq Sülh Günü” mövzusunda maarifləndirici tədbirlər, “Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm”, “Gənc sahibkarlar üçün yay məktəbi”, “Gənclər dini radikalizm və ekstremizmə qarşıdır” adlı tədbirlər keçirilib, “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Bu müddətdə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin “Newjournalism.az” saytının təqdimat mərasimi, “Region gənclərinin inkişafına dəstək”, “Gənclər arasında ictimai davranış qaydalarının təbliğatı” adlı layihələr, Türk Şurasının Gənclər Festivalı, beynəlxalq forumlar və digər layihələr uğurla reallaşdırılıb.

İdmanın müxtəlif növlərində 55 şəhər birinciliyi və kütləvi idman tədbirləri keçirilərək, həmin yarışlarda 35 mindən çox gəncin iştirakı təmin edilib. Respublika və beynəlxalq əhəmiyyətli idman yarışlarında Gəncə şəhərindən idmanın müxtəlif növlərində 28 respublika, 6 beynəlxalq, 4 Avropa, 1 Olimpiya və 1 paralimpiya yarışlarında 460-dan çox idmançı iştirak edib, 131 müxtəlif əyarlı medal qazanılıb. Onlardan 57-si qızıl, 43-ü gümüş, 31-i isə bürünc medal olub.

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında şəhərin idmançılarından Toğrul Əsgərov sərbəst güləş idman növü üzrə 65 kiloqram çəki dərəcəsində ikinci yerə, XV Yay Paralimpiya Oyunlarında Ramil Qasımov isə cüdo idman növü üzrə 73 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüblər.

Eyni zamanda, şəhərdə bədən tərbiyəsi və idman hərəkatının gündən-günə genişlənməsi, idmanın kütləviliyinin təmin edilməsi, şəhər ərazisində yerləşən idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və yenidənqurulması da diqqət mərkəzində saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.