REGİONLAR
Gəncə məktəbliləri şimal-qərb bölgəsinə yollanıblar
Gəncə, 16 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup martın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Park Kompleksindəki Zəfər tağı qarşısında şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
Mərasimdə qeyd edilib ki, tur-aksiya çərçivəsində məktəblilər Qəbələ-Şəki-Zaqatala istiqamətində hərəkət edəcəklər. Bu zonanın da digər bölgələrimiz kimi, həm turizm, həm də tarixi məkanları ilə tanındığını deyən qrup rəhbərləri bildiriblər ki, müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksi, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu, udilərin yaşadığı Nic kəndinə ekskursiyalar şagirdlərin marağına səbəb olacaq.
Həmçinin məktəblilər Şəkidə qədim baramaçılıq və ipəkçilik ənənələri ilə tanış olacaqlar. Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Bu istiqamətdə səfərdə olacaq məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Onlar müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna ekskursiya edəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Ümumilikdə hər üç rayona ekskursiya məktəblilərin bu bölgə haqqında ətraflı məlumat toplamasına imkan verəcək.
Yolasalma mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanılan adət-ənənələrinin, eləcə də müstəqillik illərində qazandığı nailiyyətlərin yaxından öyrənilməsində mühüm əhəmiyyət daşıyır. Həmçinin tur-aksiya vasitəsilə şagirdlər tədrisdə qazandıqları nəzəri biliklərini möhkəmləndirəcəklər.
Təhsil işçiləri və valideynlər şagirdlərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssüratlar arzulayıblar.
Mərasim başa çatdıqdan sonra məktəblilər və qrup rəhbərləri onlar üçün ayrılmış avtobusla şimal bölgəsinə yola düşüblər.