REGİONLAR
Gəncə məktəblisi: “Tur-aksiya şagirdlərin yaz tətilində istirahətinin səmərəli təşkili baxımından çox gözəl layihədir”
Qəbələ, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Gündən-günə gözəlləşən respublikamız artıq inkişaf etmiş ölkələrlə rəqabət aparır. Demək olar ki, hər gün rayonlarımızın timsalında müxtəlif yeniliklərin, inkişafın şahidi oluruq. Bir-birindən gözəl obyektlər inşa olunur, sosial infrastruktur təkmilləşdirilir. Bu inkişaf Qəbələdən də yan keçməyib.
Bu sözləri Qəbələyə ekskursiya zamanı AZƏRTAC-a müsahibəsində Gəncə şəhər 32 nömrəli orta məktəbin X sinif şagirdi İsmayıl Əliyev deyib.
O qeyd edib ki, Azərbaycanı gənc nəslə daha yaxından tanıtmaq üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası hər il uğurla reallaşdırılır: “Bu aksiya zamanı bizim dünyagörüşümüz artır, maddi-mədəniyyət nümunələri, tarixi abidələr, istehsal müəssisələri, adət-ənənələrimiz, turizm obyektləri ilə yaxından tanış olur, kitablardan oxuduğumuz və sənədli filmlərdə gördüyümüz yerləri əyani şəkildə görürük. Ümumiyyətlə, bu tur-aksiya şagirdlərin yaz tətilində istirahətinin səmərəli təşkili baxımından çox gözəl layihədir”.