REGİONLAR
Gəncə: seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda aktual mövzularda məruzələr dinlənilib VİDEO
Gəncə, 23 avqust, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında avqustun 22-dən 24-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar keçirilir.
AZƏRTAC xəbər verir ki, avqustun 23-də 38 saylı Nizami II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasında “Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktik tərəfləri” mövzusunda məruzə dinlənilib.
Sonra Nizami rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov kurs iştirakçılarına seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri barədə məlumat verib.
İxtisaslaşdırılmış kursda referenduma hazırlıq, referendumun keçirilməsi mövzusunda məruzə edən DSK sədri Tahir Ələkbərov səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən və fəaliyyətinin təşkilindən bəhs edib.
Sonda dairə seçki komissiyasının üzvlərini və məntəqə seçki komissiyasının sədrlərini maraqlandıran suallar cavablandırılıb.
Kurslar avqustun 24-də digər mövzularla davam etdiriləcək.