REGİONLAR
Gəncə şəhəri üzrə 71 abituriyent qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib
Gəncə, 21 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Təhsil İdarəsində bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının birinci mərhələsində yüksək bal toplayan abituriyentlərlə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, məktəb rəhbərləri və qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər iştirak ediblər.
Abituriyentləri qazandıqları uğura görə təbrik edən Təhsil İdarəsinin müdiri bildirib ki, ölkəmizdə gənclərin inkişafı, məktəblilərin yeni texnologiyalarla, elmin yeni nailiyyətləri ilə yaxından tanış olmaları üçün yaxşı imkan yaradılıb. Kompüterlərlə təchiz olunmuş təhsil ocaqlarında yüksək təlim-təhsil şəraiti mövcuddur.
Gəncə şəhərində təhsil infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan danışan Z.Hüseynov qeyd edib ki, 2015-2016-cı tədris ilində 11-ci sinif məzunlarından 6 nəfəri qızıl, 1 nəfəri isə gümüş medala layiq görülüb. Ali məktəbə qəbul olan abituriyentlərdən 197 nəfəri 500-dən, 71 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Ümumilikdə isə 18 nəfər 650 baldan yuxarı nəticə göstərib. Bu il isə qəbul imtahanının birinci mərhələsində Gəncə məktəblərinin məzunlarından 48 nəfəri 600-dən çox bal yığıb. Həmin abituriyentlərdən 9 nəfərinin nəticəsi 670 baldan yuxarıdır. 26 saylı məktəb-liseyin şagirdi Abdulla Əsgərzadə ən yüksək nəticə göstərərək 700 bal toplayıb.
Görüşdə sevinclərini paylaşan gənclər təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qazandıqları bilik və bacarıqlarla gələcəkdə cəmiyyətimizin inkişafına töhfə verəcəklərini vurğulayıblar.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərə Fəxri fərmanlar təqdim edilib.