REGİONLAR
Gəncə şəhərində “Turizm müəssisələrində mədəni xidmətin təşkili” adlı təlimə start verilib
Gəncə, 16 iyul, AZƏRTAC
Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin (MEMM) təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə “Turizm müəssisələrində mədəni xidmətin təşkili” adlı təlimə start verilib.
AZƏRTAC xəbər verir ki, hər iki müəssisə arasında imzalanmış memoranduma əsasən, yeni turizm klasterləri ilə bağlı regionlar üzrə ilk təlimlərdə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun 31 rayondan nümayəndələri iştirak edib.
Nizami Gəncəvi Muzeyində keçirilən tədbirdə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev və MEMM-in direktoru Asif Usubəliyev görülmüş işlər barədə məlumat verərək, iştirakçılara uğurlar arzulayıblar.
Asif Usubəliyev qeyd edib ki, yeni turizm klasterlərinin yaradılmasına, habelə turizm və mədəniyyət sektorundakı problemlərin həllinə xidmət edən layihə davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaq. Həyata keçirilən layihənin, eyni zamanda, Azərbaycan xalqının milli mənəvi sərvətlərinin, mədəni irsinin, turizm potensialının təbliğinə, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunmasına, turizm, mədəniyyət və təhsil müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edəcəyini vurğulayıb.
Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.
Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulur.
Təlimin sonunda iştirakçılar xüsusi sertifikatlarla təltif olunacaqlar.