CƏMİYYƏT
Gəncə şəhərində güclü leysan yağışla müşayiət olunan qasırğa baş vermişdir VİDEO
Gəncə, 11 iyun (AZƏRTAC, Sabir Əliyev). İyunun 10-da gecə saat 22 radələrində Gəncə şəhərində güclü leysan yağışla müşayiət olunan qasırğa baş vermişdir.
AZƏRTAC xəbər verir ki, təxminən 1 saat davam edən təbii fəlakət şəhərdə ciddi fəsadlar törətmişdir. Güclü qasırğa nəticəsində 100-ə yaxın fərdi evin və sosial obyektlərin dam örtüyü yerindən qoparaq küçə və meydanlara səpilmiş, yaşı 100-dən çox olan 200-ə yaxın çinar ağacı kökündən qoparaq və ya qırılaraq yollarda nəqliyyatın hərəkətini iflic vəziyyətinə salmışdır.
Qasırğa nəticəsində 30-dan çox elektrik transformatoru, 27 yerdə qaz xətti sıradan çıxmışdır. Şəhərin təxminən 80 faiz ərazisində elektrik enerjisi və qaz təchizatı dayandırılmışdır.
İlkin məlumata görə, təbii fəlakət nəticəsində 6 nəfər şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Təbii fəlakətdən dərhal sonra Gəncə Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev yaranmış vəziyyətlə bağlı yığıncaq iştirakçılarını məlumatlandırmış, müvafiq strukturların rəhbərlərinə təbii fəlakətin nəticələrinin təcili aradan qaldırılması üçün ciddi tapşırıqlar vermişdir.
Eyni zamanda, baş verən qasırğa ilə bağlı ölkənin müvafiq dövlət və hökumət strukturları məlumatlandırılmışlar.
Görülmüş tədbirlər nəticəsində artıq şəhər ərazisinin təxminən 50 faizində elektrik enerjisinin verilişi bərpa olunmuş, su-kanalizasiya sistemində yaranmış problemlərin bir hissəsi aradan qaldırılmışdır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, təbii fəlakətin yaratdığı problemlərin bu günün sonunadək aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır.