REGİONLAR
Gəncə üçüncü dəfə Beynəlxalq şərab festivalına ev sahibliyi edir
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadi İnkişaf və Sənaye, Kənd Təsərrüfatı, Xarici İşlər nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb.
Dahi şəxsiyyətə ehtiramlarını bildirən festival iştirakçıları abidənin önünə gül dəstələri düzüblər.
Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin qida məhsulları və ekspertiza kafedrası ilə yaxından tanış olan qonaqlar müəllim və tələbələrlə görüşərək əməkdaşlıq əlaqələri barədə söhbətlər aparıb, respublikamızın 10-dan artıq müəssisəsinin şərab nümunələrinin dequstasiyasında iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev burada festival çərçivəsində təşkil olunan “dəyirmi masa”da çıxış edərək Azərbaycanın 2013-cü ilin iyun ayında Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının üzvü seçilməsini ölkəmizin həyatında əlamətdar hadisə adlandırıb və bunu respublikamızın bu sahədə qazandığı uğurların göstəricisi kimi dəyərləndirib. E.Vəliyev Fransa, Almaniya, İtaliya, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrin nümayəndələrinin iştirak etdikləri festivalın məramını diqqətə çatdırıb. Bildirib ki, üç gün davam edəcək festivalın əsas məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, Azərbaycanın şərab məhsullarının xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq və ən nəhayət, şərab ənənələrini qoruyub saxlamaqdan ibarətdir.
“Dəyirmi masa”da çıxış edən Fransanın Burqundiya regionunun Yon Vilayətinin Ali Şurasının prezidenti Andre Vilye yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına, o cümlədən gəncəlilərə təşəkkür edib, üçüncü dəfə belə bir mötəbər tədbirin Azərbaycanın bu qədim şəhərində keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Qonaq indiyədək 7 dəfə Azərbaycanda, 3 dəfə isə Gəncədə olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, hər səfərimdə bu ölkədə heyrətamiz yeniliklərin şahidi oluram. Bu da, şübhəsiz, müstəqil Azərbaycanın sürətli inkişafının göstəricisidir.
Universitetin tədris korpusunun qarşısında xatirə şəkli çəkdirən festival iştirakçıları daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, kompleksin qarşısında yerləşən Nizami muzeyində olub, şairin dövrünü əks etdirən eksponatlara baxıblar.
Qoşa qala qapısı arxeologiya və etnoqrafiya muzey-abidə kompleksində olan qonaqlara məlumat verilib ki, qala divarları 4 muzey salonundan ibarətdir və burada Gəncənin 4000 illik tarixi ilə bağlı çoxlu sayda eksponat nümayiş etdirilir.
Gəncə ilə tanışlıq şəhərin mərkəzində davam etdirilib. Gəzinti zamanı qonaqlar şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar.
Beynəlxalq şərab festivalı işini davam etdirir.