REGİONLAR
Gəncə: ümumi məhsul buraxılışının 71,3 faizi qeyri-dövlət bölməsinin payına düşüb
Gəncə, 21 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində müqayisəli qiymətlərlə 498,4 milyon manatlıq ümumi məhsul buraxılıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Şəhərdə adambaşına düşən ümumi məhsulun həcmi 2015-ci ilin doqquz ayına nisbətən 20,9 faiz artaraq, 1514 manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə şəhərinin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Hesabat yığıncağında şəhərdə fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə bir sıra idarə və müəssisələrin fəaliyyətinin nəticələri qiymətləndirilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, ümumi məhsul buraxılışının 71,3 faizi qeyri-dövlət bölməsinin payına düşüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir. Ümumi məhsulun 41,5 faizi sənaye, 0,4 faizi kənd təsərrüfatı, 10,7 faizi tikinti, 7,9 faizi nəqliyyat, 0,8 faizi informasiya və rabitə, 38,7 faizi ticarət və xidmət sahələri üzrə istehsal olunub.
Hesabat dövründə sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 247 milyon 985 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz çoxdur. Ümumi sənaye məhsulunun 93,7 faizini emal sənayesi təşkil edib. İstehsalın və göstərilən xidmətlərin 58,5 faizi bilavasitə qeyri-dövlət sahibkarlıq subyektləri və ev təsərrüfatları tərəfindən həyata keçirilib.
İstehsal olunan məhsulun 44,4 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac edilib.
İcra hakimiyyətinin başçısı bildirib ki, doqquz ayda əsas kapitala 202 milyon 184 min manatlıq investisiya qoyulub. Bu sərmayənin 93 faizi və ya 187 milyon 154 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Şəhər əhalisinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 945 milyon 234 min manata çatıb.
Hesabat yığıncağında Gəncə şəhərində reallaşdırılan infrastruktur layihələri, elm, təhsil, səhiyyə müəssisələrinin fəaliyyəti, keçirilən çoxsaylı sosial, mədəni kütləvi tədbirlər haqqında ətraflı məlumat verilib.
Sonda təkliflər dinlənilib, səsləndirilən məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.