REGİONLAR
Gəncədə 2280 şagird son zəngin kövrək duyğusunu yaşayıb
Gəncə, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərinin də bütün ümumtəhsil məktəblərində məzunların həyəcanla gözlədiyi son zəng çalınıb. XI sinif şagirdlərinin məktəblə vidalaşması ənənəvi olaraq son zəng tədbiri ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, 2016-2017-ci tədris ilində Gəncə şəhərinin ümumtəhsil məktəblərindən 2 min 280 nəfər şagird məzun olub.
Məktəblərin müəllim və şagird kollektivlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirak etdikləri son zəng tədbirləri hər bir məktəbin həyətində təntənə ilə keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Hamının intizarla gözlədiyi həyəcanlı an yetişib. Şagirdlərin təhsil aldıqları 11 il ərzində dərsin başlandığını və sona çatdığını bildirən məktəb zəngi bu dəfə onlar üçün sonuncu dəfə çalınıb. Kövrək duyğuların yaşandığı son zəng tədbirləri məzunların hazırladıqları musiqi və rəqslərlə müşayiət olunub.
Tədbirlərdə iştirak edən qonaqlar, valideynlər məzunları təbrik edib, onlar üçün ən xoş arzularını ifadə ediblər.