REGİONLAR


Gəncədə 3 min 961 uşaq birinci sinfə daxil olmaq üçün sənəd verib

Gəncə, 4 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər Təhsil İdarəsi tərəfindən birinci sinfə daxil olmaq istəyən 3 min 961 uşağın sənədi qəbul edilib. Sənədləri qəbul edilənlərin 2 min 882 nəfəri məktəbəqədər hazırlıq qruplarına gedənlərdir. Onlardan 3 min 145 nəfəri Azərbaycan, 861 nəfəri isə rus bölməsində təhsil almaq istəyir.

Şəhər Təhsil İdarəsi Metodiki mərkəzin direktoru Söhrab Hacıyev AZƏRTAC-a bildirib ki, 2017-2018-ci tədris ili üçün 130 qrup çalışır. Hazırda davam edən kurslarda dərs demək üçün 108 qrupa müəllim cəlb edilib.

Kurslar şəhərin 46 orta məktəbində 4 gün olmaqla həyata keçirilir. Dərslər 30 dəqiqə müddətində 3 fənn üzrə aparılır. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı da müsabiqə keçirilir. Bu günə kimi 456 şagird vaxtından əvvəl birinci sinfə qəbul olmaq üçün müraciət edib.

Bununla bağlı Söhrab Hacıyev imtahanların iyun-iyul aylarında başlandığını və hazırda da davam etdiyini bildirib. Həmçinin müsabiqədən keçmiş şagirdlərin birinci sinfə qəbul ediləcəyini, xüsusi istedada malik olan və məktəbəqədər hazırlıq kurslarına cəlb edilərək, sertifikat əldə edən uşaqların isə birinci sinfə müsabiqədən kənar qəbul olunacağını deyib.

Bu qayda özəl məktəbəqədər hazırlıq kurslarını bitirən şagirdlərə şamil olunmur. Müsabiqədə 2011-ci il sentyabrın 16-dan dekabrın 31-dək anadan olan uşaqlar iştirak edə bilərlər. Şagirdlərin birinci sinfə qəbulu fevral ayından başlayıb və sentyabrın 15-dək davam edəcək.

Xatırladaq ki, ötən tədris ilində Gəncədə 4 min 600 şagird birinci sinfə daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.