REGİONLAR
Gəncədə 44 nömrəli məktəb-lisey kompleksi əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO
Gəncə, 23 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Dekabrın 23-də İmadəddin Nəsimi adına Gəncə şəhər 44 nömrəli məktəb-lisey kompleksinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən məktəbin direktoru Knyaz Süleymanov bildirib ki, təhsil ocağı 2011-2012-ci ildə “İlin məktəbi” müsabiqəsinin qalibi elan edilib. Məktəbdə 1172 şagirdin təhsili və təlim-tərbiyəsi ilə 120 müəllim məşğul olur.
Vurğulanıb ki, 1973-cü ildə tikilən məktəb ilk dəfədir əsaslı təmir edilib. İki hektardan çox ərazidə inşa olunan üçmərtəbəli məktəb binasında hazırda 1290 şagirdin təhsil alması mümkündür. Həmçinin məktəbdə tibb məntəqəsi, kitabxana, idman zalı, laboratoriya, 3 kompüter və 51 sinif otağı var. Bu il məktəbin şagirdlərindən 68 faizi universitetə qəbul olaraq, şəhər üzrə ən yüksək göstərici əldə ediblər.
Məktəbin 6-cı sinif şagirdi Rüqəyya Əliyeva təhsil ocağının əsaslı şəkildə təmir edilərək istifadəyə verildiyi üçün Prezident İlham Əliyevə məktəb yoldaşları adından minnətdarlığını bildirib. Rüqəyya Əliyeva onlara göstərilən diqqət və qayğının qarşılığında dərslərini müvəffəqiyyətlə oxuyacaqlarına və Vətənə layiqli övlad olacaqlarına söz verib.
Məktəbin Valideyn Komitəsinin sədri Fazil Nağıyev dövlətimizin başçısına gələcəyimiz olan gənclərə yaradılan şəraitə görə təşəkkürünü bildirib. Fazil Nağıyev qeyd edib ki, valideynlərin əsas arzusu övladlarının təhsil alaraq ölkəyə layiqli vətəndaş olmalarıdır.
Açılış mərasimində çıxış edən müəllimlər, şagird və valideynlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev qeyd edib ki, son illərdə Gəncədə 28 tam orta məktəbdə təmir işləri aparılıb, bəzi məktəblər üçün əlavə tədris korpusu inşa edilib.
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, Nizami yurdunda baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir.
Sonra məktəbdə aparılan təmir-tikinti işlərində fərqlənən işçilərə təşəkkürnamə təqdim edilib.