REGİONLAR
Gəncədə 500 başlıq camış təsərrüfatı yaradılacaq
Gəncə, 24 aprel, Rauf Hacıyev, AZƏRTAC
Bölgələrimizin özünəməxsus kənd təsərrüfatı məhsulları içərisində xüsusi dadı ilə seçilən Gəncə qaymağı böyük şöhrətə malikdir. Son illərdə Prezident İlham Əliyevin aqrar sektorda bir çox sahələrin inkişaf etdirilməsi ilə bağlı verdiyi mühüm tapşırıqlar ölkəmizdə camışçılığın da dirçəldilməsini zəruri edib.
AZƏRTAC xəbər verir ki, Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri zamanı gələcək əməkdaşlığın istiqamətləri, o cümlədən camışçılıq təsərrüfatının yaradılması və bu sahənin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncə şəhəri ilə həmsərhəd rayonlardan alınmış 8 min hektar ərazidə aqrar-sənaye kompleksinin yaradılması üçün işlərə başlanılıb. Həmin ərazidə həm də 500 başlıq camış təsərrüfatının yaradılması nəzərdə tutulub.
Səfir Aksel Vex heyvandarlıq sahəsində Avstriyanın yüksək texnologiyaya və böyük ənənəyə malik olduğunu diqqətə çatdırıb və camışçılığın inkişafı ilə bağlı lazımi kömək göstərə biləcəklərini deyib.
Görüşdə ərazidə müasir camışçılıq təsərrüfatının yaradılması, Avstriyadan cins heyvanların alınması, bu sahə üçün zəruri texnologiya və avadanlığın ölkəmizə gətirilməsi, həmçinin yeni təsərrüfatın idarə edilməsi və heyvanlara qulluq üçün mütəxəssislərin hazırlanması ilə bağlı digər vacib məsələlər də müzakirə edilib.