REGİONLAR
Gəncədə 50 hektar ərazidə sosial mənzillərin tikilməsi nəzərdə tutulur
Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Yaxın vaxtlarda Gəncə şəhərində 50 hektar ərazidə sosial mənzillərin tikintisinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin nümayəndə heyəti ilə keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.
Bildirilib ki, son illər ölkənin digər bölgələrində olduğu kimi, Gəncə şəhərində də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Gəncənin müxtəlif küçə və prospektlərində, yaşayış massivlərində çoxmərtəbəli yaşayış binaları inşa edilib. Lakin hələ də əhalinin müəyyən hissəsinin mənzilə ehtiyacı var. Bu baxımdan sosial evlərin tikintisi mühüm əhəmiyyət daşıyır.
İcra hakimiyyəti başçısının sözlərinə görə, vaxtilə şəhərin daxilində hərbi hissələrin yerdəyişməsi ilə əlaqədar bir sıra ərazilər istifadəsiz qalıb. Sosial mənzillərin məhz həmin ərazilərdə tikilməsi planlaşdırılır.