REGİONLAR
Gəncədə 55 min ağac əkilib
Gəncə, 24 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 55 illiyi münasibətilə keçirilən yaşıllaşdırma kampaniyası çərçivəsində 55 min ağac əkilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Kampaniya çərçivəsində əsasən Gəncənin landşaftına uyğun, şəhərə xüsusi yaraşıq verən şam ağacları əkilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində 55 mininci ağacı əkib.
İcra başçısının birinci müavini Elnur Rzayev bildirib ki, 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində həyata keçirilən aksiyaya bu il dekabrın 1-dən start verilib. YAP Gəncə şəhər Təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev ağacəkmə aksiyasının gəncəlilərin Prezident İlham Əliyevin 55 illiyinə hədiyyəsi olduğunu deyib.
Qeyd edilib ki, bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfədir.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.