REGİONLAR
Gəncədə “Akademik Zərifə Əliyeva – kamillik və müdriklik zirvəsi” mövzusunda elmi-praktik konfrans keçirilib
Gəncə, 27 aprel, Rauf Hacıyev, AZƏRTAC
Aprelin 27-də Gəncədə “Akademik Zərifə Əliyeva – kamillik və müdriklik zirvəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, səhiyyə işçiləri və şəhər ziyalıları iştirak edib.
Əvvəlcə akademikin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva XX əsr Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, sədaqətli həyat yoldaşı, mehriban və qayğıkeş ana Zərifə Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan danışıb.
Gəncə Şəhər Oftalmoloji Xəstəxananın və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri “Alimin elmi irsinin müasir dövrdə tədqiqi və tətbiqi məsələləri”, “İstehsalat travmalarının müalicəsində böyük oftalmoloq alimin yenilikləri”, eləcə də digər elmi mövzularla çıxış ediblər.
Gəncə Dövlət Universitetinin prorektorları, Milli Məclisin deputatı Pərvin Kərimzadə və Gülsüm Fətəliyeva vurğulayıblar ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.
Qeyd edilib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.
Çıxışlarda bildirilib ki, oftalmoloq, akademik Zərifə xanım Əliyeva xeyirxahlığı və humanistliyi ilə seçilən, insanlara nur paylayan ziyalı olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi ilə bağlı mühüm işlər görüb. Alim oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin, həmçinin 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Sonda Gəncə şəhərinin ictimai həyatında və şəhər əhalisinin sağlamlığının qorunmasında fərqlənən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bir qrup əməkdaşı şəhər icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.