REGİONLAR
Gəncədə “Əli və Nino” əsəri müzakirə olunub
Gəncə, 29 may, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə 2016- Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə Kitab Klubu 28 May – Respublika Günü münasibəti ilə “Əli və Nino” əsərinin müzakirəsini keçirib.
AZƏRTAC xəbər verir ki, müzakirə Gəncəçay sahilində yeni salınan Park Bulvarda yerləşən ”Əli və Nino” heykəl kompleksinin ətrafında baş tutub.
Tədbirdə 50-ə yaxın kitabsevər gənc iştirak edib.
Gəncə Kitab Klubunun sədri Ülviyyə Mahmudova Azərbaycan tarixinin 1918-1920-ci illərinin qaranlıq səhifələrindən bəhs edən “Əli və Nino” əsəri haqqında ətraflı məlumat verib. Bildirib ki, məqsəd gənclərin mütaliə qabiliyyətini inkişaf etdirməklə yanaşı, şəhərin “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində ətrafdakı gənclərin də diqqətini öz üzərlərinə çəkmək və həmin gənclərdə bədii qiraət və mütaliəyə maraq yaratmaqdır.
Fəal kitabsevərlər Qurban Səid adı altında gizlənən, müəmmalarla dolu müəllifin kimliyindən, o dövrün tarixi şəraitindən, romanın əsasını təşkil edən Şərq və Qərb mədəniyyətinin bir sıra oxşar və fərqli cəhətlərindən bəhs ediblər.
Müzakirəyə parkda asudə vaxt keçirən gənclər də qoşulub, əsərlə bağlı fikirlərini bildiriblər.